Bir neçə ildir ki, müxtəlif sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Artıq neçə ildir ki, muxtar respublika sahibkarları da belə tədbirlərə qatılır, regionumuzda istehsal edilən məhsulları nümayiş etdirir və bununla da xarici ölkələrdə də alıcı qüvvəsi toplayırlar.
Bu cür beynəlxalq tədbirlər 2012-ci ildə də davam etdirilir. Bu yaxınlarda Avropanın ən iri sərgisi hesab edilən kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda, iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması baxımından əhəmiyyətli olan "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçirilmişdir. Sərgidə Naxçıvan Muxtar Respublikasına aid xüsusi stend qurulmuşdur. Bu il sərgidə muxtar respublikada fəaliyyət göstərən ixrac yönlü şirkətlərdən “Gəmiqaya Holdinq Şirkətlər İttifaqı”, “Cahan Holdinq Kommersiya Şirkətlərinin İttifaqı”, Babək “Sirab” ASC, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC, “Babək Şərab-2 Yeddilər ASK” MMC, “Naxçıvan Duz İstehsalı” MMC, “F.H. Oğulları” MMC, Şərur “Konserv Zavodu” ASC, “Farma Şah” MMC və Naxçıvan Kooperativlər Birliyi, ümumilikdə 10 müəssisə üzrə 17 növdə və 65 çeşiddə məhsul nümayiş olunmuşdur.
Tədbir ərzində məhsulların nümayişi, təbliğat materiallarının paylanması və Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı ilə bağlı alman dilində hazırlanmış video rolikin təqdimatı təşkil edilmiş, nümayiş olunan məhsulların sərgi iştirakçıları tərəfindən dadılması üçün şərait yaradılmış və istehsal etdiyi şirkət haqqında geniş məlumat verilmişdir.
Bazar ertəsi, 16 Aprel 2012