Ölkəmizin müasir inkişaf mərhələsi, dövlət quruculuğunun müxtəlif pillələrində əldə edilən nailiyyətlər, şübhəsiz, hər şeydən əvvəl Azərbaycan vətəndaşlarının rifahı naminə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Bu siyasət həmçinin informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində də özünü göstərməkdədir. Ümummilli Lider Heydər Əliyev tərərfindən informasiya texnologiyaları sahəsində 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” qəbul edilmiş, daha sonra Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq olunmuşdur.
Həmin proqramın icrası istiqamətində görülmüş işlər ölkəmizdə və muxtar respublikamızda öz bəhrəsini verməkdədir.
Muxtar Respublikada sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində son illər kompleks tədbirlər həyata keçirilmişdir.
Muxtar Respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çoxlu sayda icazə almaq tələb edilir. Bu isə, öz növbəsində, sahibkarlığın inkişafında, məşğulluğun artmasında və iqtisadiyyata investisiya qoyuluşu prosesində müəyyən çətinliklər yaradırdı. Mövcud vəziyyətin yaxşılaşdırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edirdi.
Qeyd olunanlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 2011-ci il 31 oktyabr tarixli Fərman imzalanmışdır. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdır. İnternet portalında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən icazə növləri üzrə (hüquqi əsası, icazənin alınması üçün tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və digər) istifadəsi sadə olan axtarış sisteminin, “Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” xidmət bölməsinin yaradılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid olan qanunvericilik aktlarının layihələrinin həmin portalda yerləşdirilməsi və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılmasının təmin edilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur. Fərmana uyğun olaraq, İcazələrin elektron informasiya portalının yaradılması istiqamətində işlər başa çatdırılmışdır.
Yaradılmış internet portalında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya), xüsusi icazə, sərəncam, sertifikat, razılaşdırma, şəhadətnamə, rəy və digər bu kimi əhəmiyyətli icazə növlərinə müvafiq olaraq tələb olunan sənədlər və onların alınması prosedurları öz əksini tapmışdır.
İnternet portal vasitəsi ilə sahibkar öz fəaliyyət növlərinə müvafiq tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı məlumatlar əldə etmək imkanına malik olacaqlar.
Portalda sahibkarlıq fəaliyyəti ilə bağlı bütün icazə növləri, icazənin verilməsinə görə ödənişin məbləği, icazənin verilməsinə tələb olunan günlərin sayı, icazənin qüvvədə olma müddəti, tələb olunan sənədlər, icazənin hüquqi əsası kimi mühüm məlumatlar öz əksini tapmışdır.
Portal ana səhifə, xəbərlər, icazələrin axtarışı, qanunvericilik aktlarının layihəsi, icazələr, faydalı linklər və müraciətlər bölmələrindən ibarətdir.
Ana səhifə və icazələrin axtarışı bölmələrində icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılıb ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcək.
Məsələn:
axtarış sistemində sənədin söz üzrə axtarışı xanasına "rəy" yazıb "axtar" düyməsini sıxdıqda rəy vermək səlahiyyəti olan dövlət orqanlarının adları görünəcəkdir;
axtarış sistemində icazəni verən qrumun adı üzrə İqtisadi İnkişaf Nazirliyini seçib "axtar" düyməsini sıxdıqda bu nazirlik tərəfindən verilən icazələr haqqında məlumatlar əldə olunacaqdır;
axtarış sistemində icazə sənədinin növü üzrə axtarış xanasında "sertifikat" sözünü seçib "axtar" düyməsini sıxmaqla sertifikat vermək səlahiyyəti olan dövlət qurumlarının adlarını görmək mümkün olacaqdır.
Xəbərlər səhifəsində muxtar respublikada sahibkarlıq fəaliyyəti və iqtisadiyyat sahəsində baş vermiş hadisələr, eləcədə keçirilmiş tədbirlər haqqında məlumatlar öz əksini tapacaqdır.
Ali Məclis Sədrinin fərmanına uyğun olaraq, portalda “sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” xidmət bölməsi yaradılıb ki, bu bölmədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq sahəsinə aid hazırladığı qanunvericilik aktlarının layihələri yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcəkdir.
İcazələr səhifəsində icəzələrin adları ilə birlikdə icazəni verən dövlət orqanları haqqında məlumatları da əldə etmək mümkündür. Məsələn, bu səhifədə məlumatlarla maraqlananlar düyməni “icazə” sözünün üstündə sıxdıqda, ilk növbədə, icazələr və onları verən dövlət orqanlarının siyahısı görünəcəkdir. Bununla yanaşı, əlifba sırası üzrə düzülmüş hərflər içərisindən c hərfini seçib üzərində sıxdıqda icazənin adı və icazəni vermək səlahiyyəti olan dövlət orqanının adı görünəcəkdir.
Faydalı linklər səhifəsi –bu bölmədə muxtar respublikada mövcud dövlət orqanlarının internet ünvanlarını görmək və ya hər hansı digər linkə keçmək mümkündür.
Müraciətlər səhifəsi – Portalın bu bölməsində vətəndaşlar qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə bağlı olan müraciətləri ünvanlaya bilərlər. Bu səhifəyə daxil olan vətəndaş onun üçün maraqlı olan hər hansı bir mövzununun adını, müraciətin növünü, adını elektron ünvanını və digər zəruri tələbləri daxil etməklə müvafiq məlumatları əldə edə bilər.
Bazar ertəsi, 16 Aprel 2012