22-25 may 2012-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində “Beynəlxalq Plastik Paketləmə Texnologiyaları və Avadanlıqları Forumu” keçirilmişdir. Plastik və paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunmuş forumda Türkiyənin yerli firmaları daxil olmaqla, 80-dan çox ölkənin 2000 şirkəti iştirak edərək öz məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Rövşən Hacıyev və “Araz Holdinq” Məhdud Məsiliyyətli Cəmiyyətinin direktoru Səxavət Bayramov iştirak etmişlər.
Yüksək səviyyədə təşkil edilmiş sərgidə qablaşdırma avadanlıqları və vəsaitləri, istehsal üçün köməkçi vasitələr, plastik xammal, robot sistemləri, qəlib və qəlib sistemləri, test edici cihazları və s. avadanlıqlarla tanış olan Naxçıvan sahibkarları əməkdaşlıq edə biləcək şirkətlərlə ikili görüşlər keçirmiş və perspektiv əməkdaşlıq imkanları barədə müzakirələr aparmışlar.
Bazar ertəsi, 04 İyun 2012