Bu günlərdə Türkiyənin Qars şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu keçirilmişdir.
Hər üç ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilmiş tədbirə Türkiyə, Azərbaycan və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, turizm, enerji, bank, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının təmsil olunduğu nümayəndə heyətləri də qatılmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, nazirliyin Dövlət investisiyaları və xarici iqtisadi əlaqələr şöbəsinin sektor müdiri Ramin Qasımov, sahibkarlardan “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru Emin Uçar, “Dizayn” Holdinq Kommersiya Şirkətlər İttifaqının direktoru İlqar Sadiqov, “Ləzzət Qida Məhsulları” Мəhdud Мəsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev, “Nur-Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Razim Rzayev, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev iştirak etmişlər.
Biznes forumda Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək bildirmişdir ki, 2011-ci ildə Ümumi Daxili Məhsul istehsalı 2010-cu illə müqayisədə 49,5 faiz artaraq 2,3 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən Ümumi Daxili Məhsul istehsalı 5458 ABŞ dolları təşkil etmişdir.
Qeyd olunmuşdur ki, həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin nəticəsi olaraq, dayanıqlı inkişafın təməlini təşkil edən infrastruktur tamamilə yenidən qurulmuş, təhsil, səhiyyə, nəqliyyat, energetika və digər bu kimi 9000-dən çox obyektin tikintisinə və yenidən qurulmasına yönəldilmiş investisiyaların həcmi ildən-ilə artmışdır. 2011-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2010-cu illə müqayisədə 63 faiz artaraq 1 milyard ABŞ dollarına çatmışdır.
Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin coğrafiyasını da genişləndirmiş, 32 ölkə ilə xarici ticarət dövriyyəsinin həcmi 401 milyon ABŞ dollarına çatmış, müsbət saldo əldə olunmuşdur. Regionun coğrafi mühiti, stabil iqtisadi inkişaf tempi, müasir infrastrukturun mövcudluğu, çevik gömrük xidməti, etibarlı enerji təchizatı, daxili tələbata uyğun hazır investisiya layihələri, gənc və təhsilli işçi qüvvəsi, çoxsaylı ölkələrlə azad ticarət sazişinin mövcudluğu burada əlverişli investisiya mühitinin formalaşmasına şərait yaradır.İnvestisiya layihələri ölkədə, eləcə də muxtar respublikada qəbul olunan dövlət proqramlarına əsasən hazırlanır. Bu zaman yerli xammal və işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, daxili tələbatın tam ödənilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsul istehsalına nail olunması, yüksək iqtisadi səmərəlilik mühüm amillərdir.
Sonda Naxçıvan Muxtar Respublikasının investisiya mühitini əks etdirən slayd vasitəsi ilə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Cümə axşamı, 14 İyun 2012