Argentinanın geniş tərkibli ticarət missiyasının ölkəmizə səfəri çərçivəsində iyulun 3-də Bakı şəhərində Azərbaycan-Argentina Biznes Forumu keçirilmişdir. Səfərin məqsədi biznes forum çərçivəsində ölkəmizin şirkətləri ilə işgüzar görüşlər keçirmək, yerli sahibkarlarla əlaqələr yaratmaq və Azərbaycan bazarını öyrənməkdən ibarət olmuşdur.
Biznes forumda dövlət və hökumət nümayəndələri ilə yanaşı, Argentinadan kənd təsərrüfatı, qida sənayesi, neft-qaz, kənd təsərrüfatı avadanlıqları, aqrokimya, mebel, elektrik ev əşyaları, kosmetika, tikinti, informasiya-kommunikasiya texnologiyaları, oyuncaq istehsalı, Amaşınqayırma sənayesi, toxuculuq, geyim, ayaqqabı, xidmət və digər sektorları təmsil edən 300-ə yaxın iş adamı iştirak etmişdir. Biznes forumda muxtar respublikamız müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunmuşdur.
Tədbirdə muхtаr respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Gəmiqaya Holdinq Şirkətlər İttifaqı”nın, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Babək “Sirab” Açıq Səhimdar Cəmiyyətinin, Naxçıvan “Alt Tirkotaj” Açıq Səhimdar Cəmiyyətinin, “Əlincə-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.
Görüşdə prioritet investisiya layihələri barədə məlumat mübadiləsinin aparılması, ixracyönlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı, qablaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, birgə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Cümə axşamı, 12 İyul 2012