İcazələrin elektron informasiya portalı
Xəbərlər


Sahibkarlarla növbəti görüş

05 oktyabr 2012-ci il tarixdə “Araz Holdinq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası əməkdaşlarının iştirakı ilə sahibkarlarla görüş keçirilmişdir.

Tədbiri Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Anar Əhmədov açaraq dövlətimizin sahibkarlara göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, dövlət-sahibkar münasibətlərinin və sahibkarın işgüzar əlaqələrinin inkişaf etdirilməsi muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Sonra nazirliyin Dövlət investisiyaları və xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Emin Zeynalov 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi ilə əlaqədar nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmış, “b2b” portalı haqqında məlumat vermiş, “İxracyönümlü müəssisələrdə istehsal olunan məhsulların keyfiyyət və rəqabət qabiliyyətinin artırılması üzrə təkliflər” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış “b2b” (www.b2b.az) portalı ölkəmizdə istehsal olunan məhsullar haqqında məlumatların ödənişsiz olaraq saytda yerləşdirilməsini və bu yolla reklamını həyata keçirir.

İxracyönümlü müəssisələrdə istehsal olunan məhsulların keyfiyyət və rəqabət qabiliyyətinin artırılaraq xarici bazarlara çıxarılmasının təmin edilməsi məqsədilə hazırlanmış təkliflər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılmışdır.

İqtisadi İnkişaf Nazirliyinin İstehlakçıların hüquqlarının müdafiəsi sektorunun müdiri İsa Novruzov “Daxili bazarın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində sahibkarların vəzifələri” mövzusundakı məruzəsində daxili bazarın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində sahibkarların üzərinə düşən vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar istər daxili bazarda, istərsə də xarici bazarlarda yerli istehsal məhsullarının təbliğinə və satışına üstünlük verməlidirlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərovun “Sahibkarlıq subyektlərində sığorta növlərinin tətbiqi haqqında” adlı məruzəsində sahibkarlıq subyektlərində icbari və könüllü sığorta növlərinin tətbiqinin mahiyyətindən danışılmış, sığortaolunmanın sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə zəmin yaratdığı vurğulanmışdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Müşfiq İbrahimov “İstehsalın stimullaşmasında sertifikatlaşmanın rolu” mövzusundakı məruzəsində bildirmişdir ki, bütün ölkələrdə olduğu kimi, respublikamızda da standartlaşdırma sahəsində işlərin səviyyəsi iqtisadiyyatın tələbatına və müasir dövrün tələblərinə uyğun qurulmaqdadır. Sertifikatlaşdırma məhsulun keyfiyyətini rəsmi təsdiq etməklə bərabər, onun rəqabətə davamlılığını, istehsalın təkmilləşdirilməsini, rentabelliyini və effektivliyini təyin edir. Sertifikatlaşdırma lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olmasına zəmanəti, yəni məhsulun keyfiyyətli olmasını inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyətidir. Muxtar respublikada bu üçüncü tərəf Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Milli sertifikatlaşdırma sistemi AZS, İSO, BEK sənədlərinə, beynəlxalq İSO 9000 seriyalı standartlara və hökumətlərarası sənədlərə istinad etməklə mövcud beynəlxalq norma və qanunlar əsasında qurulur.

Qeyd olunmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət sahələrinin stimullaşdırılması və məhsulların beynəlxalq bazara çıxarılması üçün müəssisələrin İSO 9001: keyfiyyətin idarə edilməsi, İSO 22000: ərzaq məhsullarının istehsalında qida təhlükəsizliyinin idarə olunması, İSO 14000: ətraf mühitin mühafizəsi və İSO 18000: əməyin mühafizəsi üçün beynəlxalq standartların tətbiqi serifikatları ilə təmin olunması vacibdir.

Məruzələrdən sonra İqtisadi İnkişaf Nazirliyinin Regionun davamlı inkişafı sektorunun müdiri Rauf Rəhimov 2013-cü ildə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələr haqqında qısa məlumat verərək sahibkarlara yeni layihələri təqdim etmişdir.

Sonra “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada fəaliyyət göstərən sənətkarların əl işlərindən və sənət əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.  


Çərşənbə, 10 Oktyabr 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ