İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvanlı sahibkarlar Beynəlxalq Ticarət Sərgisində iştirak ediblər

Bu günlərdə İstanbulda Türkiyə İxracatçılar Məclisi Baş Katibliyinin təşkilatçılığı ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyi tərəfindən “16-cı Beynəlxalq İş Forum Konqresi” və eyni zamanda “14-cü MÜSİAD Beynəlxalq Ticarət Sərgisi” keçirilib.

20 ölkədən 25 nazir və 84ölkəsindən 5000 iş adamının iştirak etdiyi tədbir ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından yaddaqalan olub.

Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Qabon, İran İslam Respublikası, Litva, Liviya, Maldiv adaları, Malayziya, Səudiyyə Ərəbistan, Tunis, Türkmənistan, Uqanda və İordaniyadan olan rəsmi şəxslərin də iştirak etdiyi beynəlxalq tədbir İstanbulun “CNR Expo Center” Sərgi Mərkəzində keçirilib.

Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanla iş adamlarının görüşü təşkil edilib. Bu görüşə muxtar respublikamızdan getmiş sahibkarlar da qatılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan AVM”-in, “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Təchizat” şöbəsinin və holdinqin “Dizayn” Metal Boru və Profil İstehsalı Zavodunun, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Nur-Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Naxçıvanı təmsil edənlər  türkiyəli iş adamları ilə perspektiv əməkdaşlıq sahələrində bir sıra səmərəli görüşlər keçirib, konkret layihələr ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı Naxçıvandan gedən iş adamları ilə türkiyəli sahibkarlar arasında müxtəlif avadanlıqların alınması, təcrübə mübadiləsinin aparılması barədə danışıqlar aparılıb.

Tədbirin keçirildiyi mərkəzin salonlarında sərgi təşkil edilib, sərgilənən məhsullara baxış olub. Sərgi çərçivəsində iştirakçılar üçün brifinqlər, ikitərəfli görüşlər də keçirilib.


Bazar ertəsi, 22 Oktyabr 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ