14 dekabr 2012-ci il tarixdə “Gənclik” kafesində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Naziri Famil Seyidov çıxış edərək muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısından və hazırkı hərtərəfli sosial-iqtisadi inkişaf proseslərində özəl bölmənin üzərinə düşən vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, yola salmaqda olduğumuz 2012-ci ili sahibkarlarımız üçün bütövlükdə uğurlu hesab etmək olar. Ümummili lider Heydər Əliyev siyasətinin Naxçıvanda uğurla davam etdirilməsi öz bəhrəsini verməkdədir. Hazırda Naxçıvanda daxili bazarın tələbatlarının ödənilməsi, yerli ehtiyatlar və iqtisadi imkanlar hesabına reallaşdırılan layihələr hesabına özəl sektora aid sənaye, kənd təsərrüfatı, tikinti, emal sənayesi, mebel və dizayn, səhiyyə xidmətləri və iqtisadiyyatın onlarla müxtəlif sahələrində mühüm inkişaf səviyyəsi əldə olunmuş, muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizə çatmışdır. Əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, ölkəmizdə regional inkişafa verilən dəstəyə yeni uğurlu layihələrlə cavab verərək, muxtar respublikanın və ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması qarşımızda qoyulmuş ən vacib məsələlərdəndir.
Qeyd olunmuşdur ki, ümumilikdə iqtisadi inkişafın səviyyəsinin yüksəldilməsi ayrılıqda hər bir sahibkarın bazar iqtisadiyyatı şəraitində həyata keçirdiyi biznes layihəsinin uğurundan çox asılıdır. Sahibkarlara, xüsusən muxtar respublikanın ətraf rayonlarında, kənd yaşayış məntəqələrində kiçik sahibkarlıq subyektlərinin yaradılması yolu ilə yeni resursların iqtisadi dövriyyəyə cəlb olunması hazırda diqqət mərkəzindədir. Bu baxımdan kəndlərdə müxtəlif kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik müəssisələrin yaradılması aktual hesab olunur. Bunun muxtar respublikada mövcud imkanların daha yaxşı qiymətləndirilməsi və yeni iş yerlərinin yaradılması ilə daimi məşğulluğun təmin olunmasına da öz töhfəsini verəcəyi gözlənilir.
Bunun üçün isə Naxçıvan Muxtar Respublikasında münbit biznes mühiti yaradılmış və sahibkarlara dövlət maliyyə dəstəyi göstərilməkdədir. Sahibkarlığa Kömək Fondu fəaliyyətə başladığı dövrdən bu günədək 1074 layihənin reallaşdırılması istiqamətində göstərilən dövlət maliyyə dəstəyi 88 milyon manata çatmışdır.
Tədbirdə yekun vurulan ildəki ümumi fəaliyyət, nöqsan və çatışmazlıqlar təhlil olunmuş, qarşıdakı dövrdə yeni layihələr istiqamətində işə başlayan sahibkarlara yeni mövcud və perspektiv bazar imkanlarının qiymətləndirilməsi və biznes planların tərtib olunarkən bütün vacib məqamlara diqqət edilməsi, öz işlərini bazarın tələbatları əsasında qurulması tövsiyə olunmuşdur.
Sahibkarlığa Kömək Fondunun direktoru Abbasağa Babayev və Regionun Davamlı İnkişafı sektorunun müdiri Rauf Rəhimov sahibkarlara təqdim olunan yeni layihələr haqqında çıxışlar etmiş, sahibkarları maraqlandıran suallara cavablar vermişlər. Sonra hazırlanmış yeni layihələr yazılı formada sahibkarlara tədim olunmuşdur.
Çərşənbə axşamı, 18 Dekabr 2012