İcazələrin elektron informasiya portalı
Xəbərlər


Vyetnam-Azərbaycan Biznes Forumu keçirilmişdir

19 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Hanoy şəhərində Vyetnam-Azərbaycan Biznes Forumu keçirilmişdir. Biznes Forum Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO),

Vyetnam Ticarət və Sənaye Palatasının (VCCİ) və Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən hər iki tərəfdən ümumilikdə 120-yə yaxın iş adamı, o cümlədən muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndəsi iştirak etmişdir.

Biznes forumda çıxış edən Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Çam Tu tədbirin əhəmiyyətini vurğulayaraq son illərdə ölkəsində gedən iqtisadi artım dinamikasına nəzər salmış, ölkələrimiz arasında ticarət dövriyyəsinin 400 milyon dollar olduğunu, bu göstəricinin artırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirmişdir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev hər iki ölkənin dövlət başçılarının bu foruma böyük önəm verdiyini qeyd etmiş, ölkələrimizin neft-qaz, kimya, maşınqayırma, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq qurmaları üçün potensial imkanların olduğunu vurğulamışdır.

Sonra çıxış edən Vyetnam Ticarət və Sənaye Palatası sədrinin birinci müavini Hoanq Van Dunq ölkəsinin iqtisadi potensialı barədə geniş məlumat vermişdir.

AZPROMO-nun rəhbəri Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək, son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü və qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini vurğulamışdır.

Biznes forum işini Azərbaycan və Vyetnam iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmişdir.

Biznes forum çərçivəsində Vyetnam sahibkarlarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşur və disklər paylanılmış və Azərbaycanda, o cümlədən “Ordubad Qənnadı Məmulatları” MMC tərəfindən istehsal olunan qida məhsullarının dequstasiyası keçirilmişdir.


Cümə, 06 İyun 2014

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ