İcazələrin elektron informasiya portalı
Xəbərlər


Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir.

26 may 2014-cü il tarixdə İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir.

İclasda Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının (SECO) nümayəndəsi xanım Liviya Leu, eləcə də hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak etmişlər.

İclasda çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın İsveçrə ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd etmişdir.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd etmiş, Birgə Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini diqqətə çatdırmışdır.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanmışdır.

Sonra İsveçrə-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı, o cümlədən muxtar respublikada fəaliyyət göstərən “Araz Holdinq LTD” MMC-nin direktoru iştirak etmişdir.

Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan keçirilmiş biznes forumun əhəmiyyətini vurğulamış, İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında fəal iştiraka dəvət etmişdir.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

İsveçrə-MDB Ticarət və Sənaye Palatasının icraçı direktoru xanım Dorit Sallis, Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycan-İsveçrə əlaqələrindən danışmış, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir. Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İsveçrənin Rusiya və MDB ölkələri üzrə Birgə Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.


Çərşənbə axşamı, 28 Oktyabr 2014

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ