15 oktyabr 2014-cü il tarixdə Tacikistan Respublikasının investisiya qoyuluşu imkanlarının tanıdılması məqsədilə təşkil olunmuş forumda Tacikistan Respublikasının yüksək dövlət nümayəndələri iştirak etmiş, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilmişdir.
Forum Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaratmışdır.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
Forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmiş, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırmışlar.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.
Forumda muxtar respublikadan “Ordubad Qənnadı Məhsulları” MMC-nin direktoru Emin Məmmədov iştirak etmiş və Düşənbə şəhərində fəaliyyət göstərən şəhər Mərkəzi Univermağının direktoru Boymurad Hacı ilə iki tərəfli işgüzar görüşlər keçirmişdir. Görüşdə “Ordubad Qənnadı Məhsulları” MMC-nin məhsullarının Düşənbə şəhərində pərakəndə satışı ilə əlaqədar danışıqlar aparılmış və məhsullara baxış keçirilmişdir.“Ordubad Qənnadı Məhsulları” MMC-nin məhsullarının alqı-satqısı barədə ilkin razılaşmalar əldə edilmişdir.
Cümə, 31 Oktyabr 2014