16-25 yanvar tarixlərində Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə-2015" ("Green Week 2015") sərgisi başa çatıb. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunub. Sərgiyə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə yanaşı, 20-dən çox yerli şirkət qatılıb.
Azərbaycanın artıq 8-ci dəfə iştirak etdiyi sərgiyə bu il də maraq böyük olub. Sərginin açılışında Latviya Respublikasının Prezidenti Andris Berzinş, Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Kristian Smidt və Almaniyanın 70-ə yaxın aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.
Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.
Muxtar Respublikamız sərgidə 9 istehsalçı şirkətlə iştirak edib.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə, “Ləzzət Qida Sənaye”, “Ordubad Qənnadı Məmulatları”, “Şərur-3”, “Babək Şərab-2 Yeddilər ASK”, “Farma-Şah” , “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə, “Nazlı” Kiçik Müəssisəsinə aid 12 növdə və 50 çeşiddə ərzaq məhsullarının nümayişi təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası haqqında müxtəlif çap materialları, kataloq və şirkətlərə aid təbliğat materialları sərginin ziyarətçilərinə paylanılıb. Sərginin ilk günlərindən etibarən mineral sular, quru meyvələr, mürəbbə və spirtli içkilər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.
Bazar ertəsi, 02 Fevral 2015