Yanvarın 30-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyidov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov və Sahibkarlar Konfederasiyasının nümayəndəsi Azər Cəfərov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada iqtisadiyyatın aparıcı qüvvəsi sayılan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2014-cü ildə muxtar respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə dövlət maliyyə dəstəyi davam etdirilib. Belə ki, fərdi sahibkarlığın inkişafına, eləcə də yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə 33 milyon 548 min 500 manat kredit sərf olunub. Bəhs olunan dövrdə muxtar respublikada 47 istehsal və xidmət sahəsinin yaradılması nəticəsində 3523 yeni iş yeri açılıb ki, bunun da 3422-ni, yaxud 97 faizini daimi iş yerləri təşkil edir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında dinamik inkişafın ən mühüm göstəricilərindən biri də məşğulluğun inkişaf səviyyəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. 2014-cü il ərzində 2727 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan 125 nəfər kvota yerlərinə göndərilib, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib. İşaxtaranların məşğulluq tədbirləri barədə məlumat əldə etmək imkanlarını artırmaq məqsədilə internet saytı hazırlanıb. İşaxtaran vətəndaşların işlə təmin olunması ilə yanaşı, onların əmək hüquqlarının müdafiəsi istiqamətində də tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, dövlət proqramında nəzərdə tutulan işəgötürənlərin həvəsləndirilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində onların fəallığının artırılması məqsədilə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin keçirilməsi və qaliblərin mükafatlandırılması qarşıya qoyulmuş məqsədə çatmaqda xüsusi əhəmiyyətə malikdir. “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərini Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yaradılan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin və Sahibkarlar Konfederasiyasının nümayəndələrindən ibarət mükafat komissiyası müəyyən edib.
Sonra komissiyanın sədri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev tərəfindən müsabiqənin qalibləri elan olunub. Bildirilib ki, 2014-cü ilin yekunlarına görə, özəl sektorda fəaliyyət göstərən, yeni istehsal sahəsi yaratmaqla işaxtaranların daimi işlə təmin olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətləri müqayisəli şəkildə qiymətləndirilərək Kəngərli rayonunun Böyükdüz kəndində fəaliyyət göstərən, sahibkar Elçin Bağırova məxsus “Müxtəlif növ şitillərin, giləmeyvə, göbələk, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksi” müəssisəsi birinci, Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsi ikinci, Kəngərli rayonunun Xok kəndində fəaliyyət göstərən, sahibkar Rəşid Cəfərliyə məxsus unlu-qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi isə üçüncü yerə layiq görülüb.
Sonra qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin qalibi olan sahibkarlar çıxış edərək fəaliyyətlərinə yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, gələcəkdə də muxtar respublika iqtisadiyyatının davamlı inkişafında, əhalinin səmərəli məşğulluğunun təmin olunmasında fəallıq nümayiş etdirəcəklərini qeyd ediblər.
Çərşənbə axşamı, 03 Fevral 2015