İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyidov demişdir ki, 2014-cü ildə də muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı təmin olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilmişdir. 2004-2014-cü illərdə ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 352 növdə məhsul istehsal olunur və 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda əvvəlki illərdə əldə edilmiş inkişaf meyilləri qorunub saxlanmışdır. Ötən il yaradılmasının 90 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişaf təmin olunmuşdur. İqtisadi tərəqqinin əldə olunmasında sahibkar­lıq subyektlərinin özünəməxsus yeri və rolu vardır. Bu barədə ümummilli liderimiz Heydər Əliyev demişdir: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bunun nəticəsidir ki, ötən il Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizi ötmüşdür”.

Qeyd olunmuşdur ki, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində muxtar respublikada sahibkarlar təbəqəsi formalaşmışdır. Bunun nəticəsidir ki, dövlətin maliyyə dəstəyi ilə yanaşı, sahibkarların şəxsi vəsaitləri hesabına investisiya qoyuluşlarının həcmi də ilbəil artır. İqtisadiyyat və Sənaye Nazirliyi iqtisadi inkişafın üstün istiqamətlərinə uyğun yeni layihələrin icra edilməsinə diqqəti artırmalı, kreditlərin daha çox real sekto­run inkişafına yönəldilməsi təmin edilməli, kənd təsərrüfatı sahəsində yaradılması nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə üstünlük verilməlidir.
“Sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün onlara təkcə maliyyə dəstəyinin göstərilməsi ilə kifayətlənmək olmaz”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, müvafiq sahədə uğur qazanmaq üçün sahibkarlara, xüsusilə fiziki şəxslərə zəruri iqtisadi biliklərin verilməsi də lazımdır. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlar Konfederasiyası ilə birlikdə Biznes Mərkəzinin imkanlarından istifadə edərək sahibkarların maarifləndirilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi ilə bağlı müxtəlif kurs və treninqlərin təşkilinə diqqəti artırmalıdır. 

Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq demişdir: “Ümumilikdə, 2014-cü ilin nəticələri deməyə əsas verir ki, 2015-ci ildə qarşıya qoyulmuş bütün vəzifələr icra ediləcəkdir. Bunun üçün isə hər bir dövlət orqanı və sahibkarlıq subyekti daha səylə çalışmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91-ci ildönümünün tamam olmasını bildirən Ali Məclisin Sədri bu münasibətlə muxtar respublika əhalisini təbrik etmiş və qeyd olunan sahələrdə fəaliyyətin təşkilində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər məhsulların istehsalı və ixracı müəssisəsinin, məsaməli beton istehsalı, iaşə obyektinin, elektrik açarları istehsalı sahəsinin, eləcə də maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.
Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 2014-cü ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müşavirə iştirakçıları Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növdə ərzaq və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələri və əl işlərinin sərgisi ilə tanış olmuşlar.
Ali Məclisin Sədri Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə də baxmışdır. Bildirilmişdir ki, 2010-cu ildən fəaliyyətə başlayan zavodda 12 modeldə minik və yük avtomobilləri istehsal olunur.
Qeyd olunmuşdur ki, bütövlükdə, sərgidə 90 müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər istehsal olunan məhsulların sayının və çeşidlərinin artmasına səbəb olmuş, 1995-ci ildən ötən dövrdə muxtar respublikada 812 yeni istehsal müəssisəsi yaradılmışdır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 10,3 dəfə, sənaye məhsulunun həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumu məhsulu 4,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə, o cümlədən ixracın həcmi 78 dəfə artmışdır. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 3805 yeni iş yeri açılmışdır.


      


     



   


Çərşənbə axşamı, 10 Fevral 2015

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ