İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Biznes Mərkəzində sahibkarlar ilə görüş keçirilib

“Azərbaycan Respublikasında əmək miqrasiyasının hüquqi tənzimlənməsi” mövzusunda aprelin 16-da keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov çıxış edərək bildirib ki, son 20 ildə muxtar respublikada sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət tarazlı və davamlı inkişaf üçün başlıca təkanverici qüvvə olub, regionda iqtisadi fəallıq yüksəlib, sahibkarların normal fəaliyyəti üçün əlverişli biznes mühiti yaradılıb. Müxtəlif peşə istiqamətləri üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi vacib hesab olunur. Bu məqsədlə işəgötürənlərdən alınmış məlumatlara əsasən, 2015-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq proqnoz tərtib olunaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilib, müvafiq qərarla 2015-ci il ərzində muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 700 nəfər müəyyənləşdirilib.

Xidmət tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hazırda muxtar respublika ərazisində tikinti və emal sənayesi sahələrində mütəmadi olaraq yoxlamalar aparılır. Yoxlamalar zamanı əcnəbi işçilərin iş icazələrinə malik olmaları, habelə iş icazələrində nəzərdə tutulmuş sahələr üzrə fəaliyyət göstərib-göstərməmələri araşdırılır.
Bildirilib ki, qanunsuz əmək miqrasiyasının qarşısının alınması məqsədilə aparılmış yoxlamalar müasir standartlara uyğun olaraq tənzimlənir və yoxlamaların nəticələri barədə ədliyyə orqanları məlumatlandırılır. Belə ki, tikinti və emal sənayesi sahələrində aparılmış yoxlamalar barədə məlumatlar “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” xüsusi dövlət informasiya ehtiyatına daxil edilməklə çıxarış alınır, bundan əlavə, yoxlamaların nəticələri barədə “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” xüsusi dövlət informasiya ehtiyatı vasitəsilə Ədliyyə Nazirliyinə məlumat verilir. 2015-ci il üçün də sahibkarlıq sahəsində aparılan yoxlamaların illik planı hazırlanaraq təsdiq edilib. Hazırda bu plan əsasında tədbirlər həyata keçirilir. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini Anar Əhməd­ov çıxış edərək qeyd edib ki, muxtar respublika iqtisadiyyatının inkişafı, eləcə də yeni təyinatlı istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında əcnəbi işçi miqrantların sayının artması ilə müşayiət olunur. Əcnəbi işçi qüvvəsinin iqtisadiyyatımızın ayrı-ayrı sahələrinə cəlb olunması prosesində yüksəkixtisaslı mütəxəssislərə üstünlük verilməsi, işəgötürən sahibkarlıq subyektləri tərəfindən yerli kadrların peşə hazırlığının artırılmasına nəzarətin gücləndirilməsi, yerli kadrların yetişdirilməsində əcnəbi mütəxəssislərin təcrübəsindən istifadə edilməsi daxili əmək bazarının qorunmasının əsas istiqamətləri hesab olunur. Araşdırmalara və müşahidələrə görə, son illər muxtar respublikada xidmət sahələrində peşəkar kadr çatışmazlığı problemi, demək olar ki, həll olunub. Əmək bazarındakı mövcud işçi heyəti lazımi tələblərə məhz təcrübə, müasir kompüter pro­qramlarından kifayət qədər istifadə etməmə və texnoloji avadanlıq və texnikanın idarə edilməsi kimi sahələrdə geri qalır. Qeyd edilməlidir ki, sahibkarlar və işəgötürənlər yerli kadrların yetişdirilməsinə və onların ixtisaslaşmalarına olduqca az əhəmiyyətli məsələ kimi baxırlar. Halbuki həmin subyektlər yerli kadrların yetişdirilməsinə kapital qoyaraq onların uzunmüddətli əmək müqavilələri əsasında öz müəssisələrində fəaliyyət göstərmələri üçün təşviq­edici tədbirlər görə bilərlər. Məsələn, kadrların işəgötürən şirkətin dəstəyi ilə xarici ölkələrdə təhsil almaları təmin edilə bilər ki, beynəlxalq praktikada bu, geniş yayılmış üsuldur. 
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda işçilərin əmək hüquqlarının təmin edilməsi üzrə bəndinin yer alması işçi hüquqlarına göstərilən davamlı diqqət və qayğının ifadəsidir. Qeyd olunan dövr ərzində əmək bazarının tələbinə uyğun olaraq, iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadrlara olan tələbatı təmin etmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən peşə kurslarını 306 nəfər bitirib. Peşə kursları ixtisaslı kadrlara olan tələbatı ödəməklə yanaşı, işaxtaran şəxslərin işlə təmin olunmalarına, həmçinin onların fərdi məşğulluğuna imkanlar yaradır. 
Qadir Əliyev deyib ki, müəssisələr işə cəlb etdikləri miqrantları yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan miqrantlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir.
Görüşdə mövzu ilə bağlı müzakirələr aparılıb, slayd nümayiş etdirilib.


Bazar ertəsi, 20 Aprel 2015

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ