Mayın 2-də Heydər Əliyev Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” mövzusunda Konfrans keçirilmişdir.
Asiya İnkişaf Bankının (AİB) və Maliyyə Nazirliyinin dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş konfransda AİB-ə üzv ölkələrin, beynəlxalq maliyyə institutlarının nümayəndələri, 200-dən çox iş adamı və media təmsilçiləri iştirak etmişdir.
Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsinin, bu çərçivədə təşkil olunan bugünkü konfrans və digər tədbirlərə 3 minədək iştirakçının qatılmasının Azərbaycanın bankla çoxillik səmərəli əməkdaşlığının nəticəsi olduğunu vurğulamışdır. Bu, həm də Azərbaycanın dünyada artan nüfuzunun, beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, investorların Azərbaycana olan böyük marağının göstəricisidir. Bildirilmişdir ki, 24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə bütün sahələrdə köklü islahatlar aparmış, sürətli iqtisadi inkişafa nail olmuş, bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrilmiş, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Ötən illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmiş, İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi etmiş, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, müsabiqələrin müntəzəm olaraq keçirildiyi məkan olmuşdur. Bu il ölkəmiz AİB-in toplantısına, ilk Avropa Oyunlarına, sonrakı illərdə isə digər mötəbər tədbirlərə ev sahibliyi edəcəkdir. Azərbaycan iqtisadiyyatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdıran Şahin Mustafayev qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-dən çoxunu təşkil edir. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.
Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın bu böyük uğurlarını şərtləndirən başlıca amillər Azərbaycanın siyasi cəhətdən sabit ölkə olması, ölkəmizdə siyasi kataklizmlərin olmaması, vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən tam təmin olunması, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilməməsi, onların hüquqlarının etibarlı qorunmasıdır. Azərbaycanın davamlı inkişafını təmin edən digər amil makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu tədbirlər nəticəsində son illər büdcə kəsiri ÜDM-nin 1%-dən çox olmamış, ölkənin xarici borcu ÜDM-nin 8,6%-i səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir. Son 10 ildə qeyr-neft iqtisadiyyatı 2,5 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 68%-ə çatmışdır. Təsadüfi deyil ki, enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin I rübündə iqtisadiyyat 5,3% artmışdır. Azərbaycanın davamlı inkişafını təmin edən mühüm amillərdən biri müasir tələblərə cavab verən infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılmasıdır. Azərbaycan bir çox infrastruktur layihələrinin həyata keçirilməsində nüfuzlu beynəlxalq maliyyə təşkilatları, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir. İndiyədək AİB tərəfindən Azərbaycana avtomobil yolları, enerji təchizatı, su və kanalizasiya, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsi üçün 1.64 mlrd. ABŞ dolları məbləğində kredit, təxminən 10 mln. ABŞ dolları həcmində qrant ayrılmışdır. Azərbaycan AİB-in CAREC Proqramında da fəal iştirak edir. Ölkəmizin uğurlarının əsas amillərindən biri də əlverişli biznes və investisiya mühitinin yaradılmasıdır. Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. İndiyədək ölkə iqtisadiyyatına 200 mlrd. dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. Növbəti amil Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsidir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ötən il Cənub Qaz Dəhlizinin təməlinin qoyulması yaxın illərdə Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. Bundan başqa, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi ilə bağlı görülən işlər davamlı iqtisadi inkişafı təmin edən amillərdəndir. İnsan İnkişafı hesabatında Azərbaycan “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlmişdir.
Şahin Mustafayev qeyd etmişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qeyd olunan istiqamətlər üzrə tədbirlər davam etdirilir.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao AİB-in növbəti illik toplantısının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etmiş, son illər Azərbaycanda ümumi daxili məhsulun artdığını, yoxsulluq səviyyəsinin azaldığını qeyd etmiş, ölkəmizdə savadlılıq səviyyəsinin yüksək olduğunu vurğulamışdır. AİB-in Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən T.Nakao Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə, bankla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşmüşdür.
Konfransda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov qurumun fəaliyyətinə, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov eco-sənaye parklarına, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov Azərbaycanın tranzit imkanlarına, Dünya İqtisadi Forumunun baş direktoru Aleks Vonq Qlobal Rəqabətlilik İndeksi prizmasından Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə, “Holcim” və “KPMG Azərbaycan” şirkətlərinin nümayəndələri isə Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investorların təcrübəsinə, xarici investisiyaların cəlb edilməsində iqtisadiyyatın diversifikasiyasının və biznes mühitinin roluna dair məlumat vermişlər.
Həmçinin, konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyat və sənaye naziri Famil Seyidovun rəhbərliyi ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin direktoru Musa Abdullayev, Babək “Sirab” ASC-nin direktoru Namiq Novruzov, Babək “Şərab-2 Yeddilər ASK” ММC-nin direktoru Paşa Nəsirov, “Dekor Qrup” MMC-nin direktoru Ələddin Allahverdiyev iştirak etmişlər.
Muxtar respublikanı təmsil edən nümayəndə heyəti tədbir çərçivəsində keçirilmiş müzakirələrdə işrirak etmiş, keçirilən sual-cavab sessiyalarına qoşulmuşdurlar.
Çərşənbə, 06 May 2015