İcazələrin elektron informasiya portalı
Xəbərlər


Sahibkarlar üçün təkmilləşdirmə kursları keçirilir

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün təkmilləşdirmə kurslarına başlanılıb. 
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə açaraq bildirib ki, beş gün davam edəcək kurslarda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında”, “Gömrük rəsmiləşdirilməsi və yeni gömrük qanunvericiliyinin tətbiqi haqqında”, “Qida təhlükəsizliyi günün aktual məsələlərindəndir” və “İstehlakçıların hüquqlarının qorunması” mövzularında seminarlar keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq təşkil olunan kurslarda müvafiq dövlət orqanlarının nümayən­dələrinin iştirakı təmin olunacaqdır.­

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edilməsi yönündə verilmiş tapşırıqların icrası baxımından keçirilən kursların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, müxtəlif mövzularda təşkil olunan seminarlar sahibkarların maarifləndirilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi məqsədi daşıyır.
Sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Ruslan Ələkbərov və Bəxtiyar Həsənovun təqdimatında “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin nümayəndəsi İsmayıl Bağırovun təqdimatında isə “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında” mövzularda seminar keçirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Cümə axşamı, 20 Avqust 2015

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ