Sentyabrın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi kollektivinin və sahibkarların iştirakı ilə payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov məruzə ilə çıxış edərək bildirib ki, əhalinin payız-qış mövsümündə meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarlar mühüm əhəmiyyət kəsb edir. Məhz bu faktor nəzərə alınaraq ötən müddət ərzində dövlət dəstəyi ilə 19 hüquqi və fiziki şəxs tərəfindən ümumi tutumu 12.610 ton olan 21 soyuducu anbar istifadəyə verilib və yeni soyuducu anbarların yaradılması istiqamətində sahibkarlar arasında maarifləndirmə işləri davam etdirilir. 2015-ci ildə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün tutumu 350 ton olan bir anbar istifadəyə verilib.
Qeyd olunub ki, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması məqsədilə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal edilmiş məhsulların anbarlara tədarük olunması məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər soyuducu anbarların sahibkarları tərəfindən kənd icra nümayəndələri ilə əlaqə yaradılıb, satış qiymətləri razılaşdırılıb və təklif olunduğu halda məhsulların anbarlara tədarükü həyata keçiriləcəkdir.
Tədarük olunan məhsulların normativ qaydalara uyğun saxlanılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin məhsulların qəbul və saxlama tələbləri hazırlanaraq soyuducu anbarların sahibkarlarına təqdim olunub.
Vurğulanıb ki, 1 iyul 2013-cü il tarixdən 10 sentyabr 2015-ci il tarixədək muxtar respublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara cəmi 870 ton olmaqla, 765 ton kartof, 59 ton soğan, 29 ton ərik, 10 ton şaftalı, 4 ton alma və 3 ton kələm tədarük olunub.
Muxtar respublikada əhalinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən qayğı nəticəsində bu gün muxtar respublikada tərəvəz yetişdirilən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetri ötüb. 2015-ci ildə ümumi sahəsi 2860 kvadratmetr olan 4 istixana kompleksi istifadəyə verilib, ümumi sahəsi 5000 kvadratmetr olan 2 istixana kompleksinin qurulması isə davam etdirilir.
Bildirilib ki, 1 yanvar 2015-ci il tarixdən 10 iyul 2015-ci il tarixədək istixana komplekslərində 1176 ton məhsul istehsal olunaraq satışı həyata keçirilib. Payız-qış mövsümü üçün istixana komplekslərində 60 min 320 kvadratmetr sahədə pomidor, 29 min 736 kvadratmetr sahədə xiyar, 2 min kvadratmetr sahədə çiyələk, 150 kvadratmetr sahədə isə göbələk əkini həyata keçirilib və sentyabrın 15-dən sonra məhsulların istehlakçılara təklif olunması nəzərdə tutulur.
Famil Seyidov qeyd edib ki, bu gün muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1106 çeşiddə məhsul istehsal olunur. Müəssisələr 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, cəmi 336 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal məhsulları hesabına ödəmə gücünə malikdir.
Tədbirdə payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə aparılması məqsədilə 15 noyabr 2015-ci il tarixədək soyuducu anbarların yerli istehsal məhsulları ilə tam doldurulmasının təmin edilməsi, meyvə-tərəvəz məhsullarının tədarükü və satışı zamanı süni qiymət artımı və razılaşdırılmış qiymətlərin tətbiqinin qarşısının alınması, istixana komplekslərindən səmərəli istifadə edilməsi və digər məsələlərə toxunulub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Bazar ertəsi, 14 Sentyabr 2015