İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN 

 

F Ə R M A N I 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması məqsədi ilə qərara alıram:

 

1. "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını müəyyən etsin.

 

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.

 

 

 Naxçıvan Muxtar Respublikası

 

         Ali Məclisinin Sədri                                                      VASİF TALIBOV 

 

 

 Naxçıvan şəhəri, 21 yanvar 2016-cı il

 

 

Naxçıvan Muxtar Respubikası Ali Məclisi 

 Sədrinin 2016-cı il 21 yanvar tarixli

 Fərmanı ilə təsdiq edilmişdir

 

İnvestisiya təşviqi sənədinin verilməsi

 

QAYDASI

 

            1. Bu Qayda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra - sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.

 

            2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi qanunvericiliklə müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

 

            3. İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:

 

            3.1. investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;

 

            3.2. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;

 

            3.3. investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.

 

            4. Bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.

 

            5. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

 

            5.1. bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);

 

            5.2. bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;

 

            5.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.

 

            6. Sahibkar, bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.

 

            7. Nazirlik bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu Qaydanın 3-cü hissəsində göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara verir.

 

            8. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

 

            9. Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

 

            10. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.


Şənbə, 23 Yanvar 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ