İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Biznes Mərkəzində maarifləndirici tədbir keçirilib

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açıb. Bildirilib ki, muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında əcnəbi işçi miqrantlarının sayının artmasına gətirib çıxarıb. Burada bir-birindən fərqli səbəblər olsa da, ümumilikdə, belə nəticəyə gəlmək olar ki, böyüyən və şaxələnən iqtisadiyyatın əmək ehtiyatlarına artan tələbatı mövcuddur və bu prosesin tənzimlənməsi və ya idarə olunması mexanizmi aktual məsələdir.

 

Elnur Məmmədov muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz əmək miqrasiyasının qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb, sahibkarların yerli mütəxəssislərə üstünlük verməsinin əhəmiyyətini vurğulayıb, yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları barədə məlumat verib. 
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov çıxışında qeyd edib ki, son illər muxtar respublikada əmək bazarının tənzimlənməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Daxili əmək bazarının tələbatına uyğun olaraq, ali və orta ixtisas məktəblərində yeni ixtisasların açılması diqqət mərkəzində saxlanılıb, peşə məktəbləri yaradılıb. Əmək miqrasiyasının kvotalarının müəyyən edilməsi və proqnozlaşdırılması təmin edilib, özəl sektor nümayəndələrinin menecment biliklərinin artırılması məqsədilə onlar xarici ölkələrdə müxtəlif ixtisas­artırma kurslarına cəlb edilib, sahibkarlıq subyektlərinin təmsilçiləri çoxsaylı treninqlərdə iştirak edib. 
Yeni müəssisələrin və iş yerlərinin açılması prosesinə xarici investisiyaların cəlb edilməsi diqqət mərkəzində saxlanılıb. Yaradılmış münbit biznes mühiti nəticəsində 1 yanvar 2016-cı il tarixə olan məlumata əsasən, muxtar respublikada xarici və birgə investisiyalı sahibkarlıq subyektlərinin sayı 77 hüquqi və 12 fiziki şəxs olmaqla, ümumilikdə, 89-a çatıb. Muxtar respublikada xarici və birgə investisiyalı müəssisələrin fəaliyyət istiqamətləri, əsasən, inşaat, pərakəndə və topdansatış ticarət, maliyyə-kredit, dağ-mədən və nəşriyyat fəaliyyəti, iaşə xidməti, istehsalat, sərnişin və yükdaşıma kimi sahələri əhatə edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Sahibkarlıq subyektlərinin əcnəbi işçi qüvvəsinə olan tələbatı nəzərə alınaraq bu sahələrin yerli işçi qüvvəsi hesabına təmin edilməsi”, Dövlət Miqrasiya Xidmətinin inspektoru Samir Sadiqov “Yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları və şərtləri”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüsal Süleymanlı “Muxtar respublikada məşğulluğun artırılması ilə bağlı dövlət proqramının icrası ilə əlaqədar yerli əmək ehtiyatlarından səmərəli istifadə” mövzularında çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Cümə axşamı, 30 İyun 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ