İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təhsildə fərqlənən tələbələrə təqaüd verəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası birgə tədbir keçirib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Sa­hibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış ediblər. 
Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı ötən əsrin 70-ci illərindən etibarən ön plana çəkilib, həmin dövrdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində milli kadrların hazırlanması istiqamətində kompleks tədbirlər həyata keçirilib. 1993-cü il­dən etibarən ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində respublikamızda təhsil özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, dünya təhsil sisteminə inteqrasiya olunub.

Ölkəmizdə təhsil sahəsində qazanılan uğurlar və əldə olunan nailiyyətlərdə Naxçıvan təhsilinin özünəməxsus rolu və payı vardır. Muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilib, ümumilikdə, ötən müddət ərzində 374 elm və təhsil müəssisəsi üçün bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Vurğulanıb ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkət­verici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazır­lanması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Universiteti üzrə İqtisadiyyat, Dünya iqtisadiyyatı, Menecment və “Naxçıvan” Universiteti üzrə Menecment, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları İqtisadiyyat Nazirliyinə hamiliyə verilib.
Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin həvəsləndirilməsi və özəl sektorun bu işə cəlb edilməsi məqsədilə sahibkarlıq subyektləri ilə maarifləndirici tədbirlər keçirilib, nəticədə, 17 sahibkar könüllü olaraq tələbələrə təqaüdlərin verilməsi üçün nazirliyə rəsmi müraciətlər ünvanlayıb. Bu tədbirlərin davamı kimi universitetlərlə birgə iş aparılıb, təhsildə fərqlənən 50 tələbəyə təqaüdlərin verilməsi nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin rektorlarının razılığı əsasında təhsil prosesində fərqlənən və maddi-sosial imkanları zəif olan tələbələr müəyyən edilərək, muxtar respublikada fəaliyyət göstərən iş adamları tərəfindən təqaüdlərin verilməsi məqsədilə birgə razılaşma sənədi hazırlanıb. 
Gələcəkdə hamiliyə verilmiş ixtisaslar üzrə kadrların özəl sektorda işlə təmin edilməsi qarşıya qoyulmuş prioritet məsələlərdəndir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin dördtərəfli razılaşmaları imzalanıb. 
Sonda Naxçıvan Dövlət Universitetinin tələbəsi Uğur Əkbərov və “Naxçıvan” Universitetinin tələbəsi Ruhiyyə Qasımova çıxış edərək yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Cümə axşamı, 16 Mart 2017

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ